Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası oktyabrın 19-da "Hökumət evi"nin akt zalında üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə həsr olunmuş seminar-müşavirə keçirmişdir
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası oktyabrın 19-da "Hökumət evi”nin akt zalında üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə həsr olunmuş seminar-müşavirə keçirmişdir. Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, seçki dairələri dairə seçki komissiyalarının sədrləri, MSK Katibliyinin məsul işçiləri iştirak etmişlər.
Seminar - müşavirəni Komissiyanın sədri Məzahir Pənahov açmışdır. O, qeyd etmişdir ki, 6 noyabr 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər böyük tarixi hadisədir və biz fəxr etməliyik ki, bu hadisənin iştirakçılarıyıq. Komissiyanın sədri seçkilərin çox əhəmiyyətli və məsul bir mərhələsinin getdiyini, bu günə kimi hər hansı ciddi bir problemin qeydə alınmadığını və ümumilikdə vəziyyəti qənaətbəxş qiymətləndirdiyini söyləmişdir. Sədr seçici vəsiqələrinin seçiclərə çatdırılması işinin diqqətdə saxlandığını vurğulayaraq qeyd etmişdir ki, aşağı seçki komissiayaları bu istiqamətdəki fəaliyyətlərini daha da intensivləşdirməlidirlər. Seçici vəsiqələri almayan bir nəfər də olsun seçici qalmamalıdır.
Mərkəzi Seçki Komissiyasının sədri səsvermə gününə 17 gün qaldığını xatırladaraq diqqətə çatdırmışdır ki, səsvermə günü seçki mənətəqlərində hər hansı bir qanun pozuntusuna yol verilməməli, qanundankənar addım atılmamalıdır. Bütün müşahidəçilərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə maneəsiz, sərbəst şəkildə müşahidə aparmalarına və səslərin sayılması prosesini maneəsiz izləmələrinə şərait yaradılmalıdır.
Prezident cənab İlham Əliyevin 11 may 2005-ci il tarixli "Azərbaycan Respublikasında seçki prakrikasının təkmilləşdirilməsinə dair” sərəncamında əks olunmuş bütün müddəalar kimi bu müddəanın tələbi də yüksək səviyyədə yerinə yetirlməlidir. Müşahidəçilərin hesabatları seçki prosesinə qiymət verilməsi işində bizə çox kömək edir.
Sədr komissiya üzvlərinin hər hansı bir namizədin xeyrinə fəaliyyət göstərməsinin qanuna zidd olduğunu bildirmiş və bu məsələnin də xüsusi diqqətdə saxlanacağını bildirmişdir.
M. Pənahov Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün böyük potensialın və hər cür şəraitin olduğunu nəzərə çatdırmış və qeyd etmişdir ki, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi hamıdan çox bizə lazımdır. Dövlət başçısının, ölkə rəhbərliyinın də mövqeyi bundan ibarətdir.
Sonra söz məruzəçilərə verilmişdir. Əvvələcə Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov "Seçki bülletenlərinin çap olunması, dairə və məntəqə seçki komissiyalarına çatdırılması” mövzusunda çıxış etmişdir.
Daha sonra MSK nəzdində "Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev "Seçici siyahılarının dəqiqləşdirilməsi və seçki gününə hazırlıq”, Komissiyanın katibi Natiq Məmmədov "Səsvermənin təşkili, səsvermə qaydası, səslərin hesablanması və seçkilərin yekunlarının müəyyən edilməsi”, Mərkəzi Seçki Komissiyası Katibliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov "Treninqlərin keçirilməsinin yekunları” barədə məruzə ilə çıxış etmişlər.
Tədbirin sonunda müşavirə iştirakçılarının sualları cavablandırılmışdır.
Seminar -müşavirədə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçisi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri də iştirak etmişlər.