Oktyabrın 13 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Oktyabrın 13 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 30 sentyabr 2009-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində növbəti bələdiyyə seçkiləri dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası həmçinin qərara almışdır ki, dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.