Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Komissiya əvvəlcə Azərbaycan Respublikasında növbəti seçkilərin təyin edilməsi barədə məsələyə baxmışdır.
Bu məsələ barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, artıq 10 ildir ki, ölkəmizdə bələdiyyələr fəaliyyət göstərir və bu yerli özünüidarə qurumları gənc institutut olmasına baxmayaraq fəaliyyət göstərdikləri qısa müddət ərzində zəngin təcrübə qazanmış və onların işlərinin faydalı iş əmsalı ildən ilə artır. Bu il bələdiyyələrin səlahiyyət müddəti başa çatır və bu qurumlara növbəti seçkilərin təyin edilməsi üçün əsas yaranmışdır.
Seçki Məcəlləsinin tələbinə əsasən seçkilər səsvermə gününə azı 75 gün qalmış təyin edilməlidir. Respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilməlidir. İşğal altında olan rayonlarımızın əhalisi təssüflər olsun ki, bi seçkilərdə iştirak edə bilməyəcəklər. Sədr qeyd etmişdir ki, komissiya bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı hüquqi bazanın gücləndirilməsi ilə bağlı normativ xarakterli aktlar təsdiq edərək dərc etdirib və onları aşağı seçki komissiyalarına çatdırmışdır.
Həmin sənədlər mətbuat və Mərkəzi Seçki Komissiyasının internet səhifəsi vasitəsi ilə rəsmiləşdirilmişdir.
Mərkəzi Seçki Komisiyasının katibi Natiq Məmmədov "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya Təqvim Planının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Fransa səfirliklərinin, Milli Dermokratiya İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.