Oktyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
08 oktyabr 2005 16:59
Oktyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələyə baxılmşdır. MSK 15 saylı Yasamal birinci, 35 saylı Xətai üçüncü və 68 saylı Cəlilabad kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini qərara almışdır.
Sonra Komissiyanın katibi Natiq Məmmədov siyasi partiyalar bloklarının emblemlərindən seçki bülletenləində istifadə edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, seçkilərdə iştirak edən siyasi partiya blokları tərəfindən öz emblemlərinin seçki bülletenində göstərilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaq üçün müraciətləri olduqda, seçki bülletenlərində onlar tərəfindən irəli sürülmüş qeydə alınmış deputatlığa namizədlər barəsindəki məlumatlarda göstərilməli olan namizədin mənsub olduğu siyasi partiyanın embleminin əvəzinə müvafiq siyasi partiyalar blokunun emblemi göstərilsin.
MSK katibi Vidadi Mahmudov 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətninin, formasının və miqdarının təsdiq və çap edilməsi məsələsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətnini və formasını təsdiq etmişdir. Komissiya həmçinin qərara almışdır ki, daimi seçici siyahılarındakı seçicilərin sayı barədə 2005-ci ilin oktyabr ayının 8-nə olan məlumata əsasən 125 seçki dairəsinin hər biri üzrə seçicilərin sayından 3 faiz artıq olmaqla cəmi 4.802.962 ədəd seçki bülletenləri hazırlansın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Mətbəəsində çap edilsin.
MSK Milli Məclisə seçkilərdə "Azərbaycan naminə” siyasi partiyalar blokunun embleminin təsdiq edilməsi məsələsinə də baxmış və blokun emblemi təsdiq olunması haqqında qərar qəbul etmişdir.
İclsada Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər də müzakirə edilmiş və müvafiq qərarlar çıxarılmışdır.
Komissiyanın üzvü Azər Tağıyev seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət üçün MSK nəzdində yaradılmış Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsinə dair məsələ barədə məlumat vermişdir. "Space” Müstəqil Televiziya və Radio Şirkəri ilə "Turan” İnformasiya Agentliyi Qrupun tərkibindən çıxarılmış, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azəri- Press İnformasiya Agentliyi isə daxil edilmişlər.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.