Belarus MSK-nın sədri: Seçkilər yüksək əhvali-ruhiyyədə keçir

01 sentyabr 2024 17:17

Sentyabrın 1- də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK sədri seçki prosesi barədə qonağı məlumatlandırıb. Məzahir Pənahov qeyd edib ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu nəzərə çatdırıb.M. Pənahov ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və seçki prosesini sərbəst şəkildə izlədiyini qeyd edib.

O, seçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. O, Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib.

Belarus MSK-nın sədri İ.Karpenko öz növbəsində MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. Seçkilərin yüksək əhvali-ruhiyyədə keçdiyini bildirən İ.Karpenko qeyd edib ki, insanlar səhər saatlarından etibarən məntəqələrə gələrək səsvermə hüququndan istifadə edirlər. O, baş çəkdiyi məntəqələrdə qanundankənar hər hansı neqativ halların müşahidə edilmədiyini diqqətə çatdırıb.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

AZƏRTAC