Belarus-Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyası Mərkəzi Seçki Komissiyasında olub
Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Belarus-Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyasının rəhbəri Sergey Raçkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
MSK sədri seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən çox yerli müşahidəçinin qoşulduğunu, ölkə üzrə seçki məntəqələrində səsvermə günü prosesini fasiləsiz izləmək üçün 1000 veb-kameranın quraşdırıldığını söyləyib.
M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu diqqətə çatdırıb.
Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov 2471 məntəqədə fiziki məhdudiyyətli şəxslər üçün pandusların quraşdırıldığını deyib.
Vurğulanıb ki, Milli Məclisə növbədənkənar seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Müşahidə missiyasının rəhbəri Sergey Raçkov Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu vurğulayıb, seçki prosesini fəal şəkildə izləyəcəklərini deyib. O, seçkilərə hazırlıq prosesini izləmək üçün bir neçə məntəqəyə baş çəkdiklərini və hazırlığın yüksək səviyyədə olduğunu bildirib, həmçinin seçkilərin təhlükəsiz şəraitdə keçəcəyindən əminliyini ifadə edib.
Görüş çərçivəsində, həmçinin seçki ilə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC