Maldiv missiyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub
Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Maldiv müşahidə missiyasının rəhbəri, Maldiv Mərkəzi Seçki Komissiyasının sədr müavini Nashath Alinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 30-da Azərbaycan Mərkəzi Seçki Komissiyasında olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov nümayəndə heyətini sentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlı ətraflı məlumatlandırıb. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli lazımi şərait yaradılıb. MSK sədri nümayəndə heyətinə namizədlərin, seçicilərin, məntəqələrin sayı barədə məlumat verib. Bildirib ki, seçki günü səsvermədə iştirak edə bilməyən vətəndaşlar da diqqətdə saxlanılır və onların rahat səs verə bilmələri istiqamətində müvafiq işlər görülür və görüləcək.
Uzun müddətdən sonra Qarabağ və Şərqi Zəngəzur sakinlərinin öz doğma yurdlarında səs verəcəyini deyən M.Pənahov bu ərazilərdə 42 mindən yuxarı seçicinin olduğunu da diqqətə çatdırıb.
Maldiv müşahidə missiyasının rəhbəri, Maldiv Mərkəzi Seçki Komissiyasının sədr müavini Nashath Ali ölkəmizdə olmaqdan məmnunluq duyduğunu bildirib. O, Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu qeyd edib.
AZƏRTAC