2024-cü il avqustun 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 28 avqust 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
Komissiyanın iclasında maraqlı subyektlərin bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb və aparılan geniş müzakirələrin ardınca müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin Milli Məclisə seçkilərə son hazırlıq işləri barədə məlumat verilib və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi