Sentyabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
24 sentyabr 2005 16:55
Sentyabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılmışdır. Komissiya 21 saylı Nəsimi birinci və 95 saylı Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul etmişdir.
Sonra MSK üzvü Azər Tağıyev 2005-ci il noyabrın 6-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat qaydalarının pozilmasına dair məsələ barədə məlumat vermişdir. O, bəzi teleradio təşkilatları və Milli Məclis deputatlığına namizədlər tərəfindən Seçki Məcəlləsinin seçkiqabağı təşviqatın aparılması ilı bağlı tələblərinin pozulduğunu bildirmiş. Komissiyanın digər üzvləri də bəzi kütləvi informasiya vasitələrinin sözügüdən məsələ ilə bağlı qanun pozuntusuna yol verdiklərini qeyd etmişlər. Bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edən Mətbuat Qrupunun bəzi üzvlərinin də fikirləri dinlənilmişdir. MSK üzvlərinin ümumi rəyi bundan ibarət olmuşdur ki. seçkiqabağı təşviqat qaydalarını pozan media vasitələrinə müraciət ünvanlansın.
İclasda Komissiyaya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Müraciətlərdən 13-ü ilkin arşdırma aparılması və Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir. Müzakirəyə çıxarılan müraciətlərdən 4-nün isə Daxili İşlər Naziriliyinə göndərilməsi haqqında qərar qəbul edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.