Şirvanda Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib
Bu il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində Şirvanda seminar-müşavirə keçirilib.
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə Şirvan Şəhər Gənclər Mərkəzində keçirilib. Tədbir Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov və Şirvan Şəhər Polis Şöbəsinin rəisi Füzuli Əhmədovun açılış nitqləri ilə başlayıb.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, region üzrə 25 seçki dairəsi dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışılıb.
Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov tədbirdə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxış edib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin, digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verib.
Sonda suallar cavablandırılıb.
AZƏRTAC