MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb
Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında əsas məqsəd seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması və vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinə metodiki kömək göstərilməsi, məlumatlarının artırılması və peşəkarlıqlarının daha da təkmilləşdirilməsidir.
Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabçada seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qərar layihələrinin hazırlanması prosedurları aydın və müfəssəl əks olunub.
“Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası dairə seçki komissiyalarına paylanılıb, həmçinin Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi