Avqustun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası

24 avqust 2009 16:50

Avqustun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 30 iyun, 8 iyul və 14 iyul tarixli iclaslarının protokolları təsdiq edilmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının rəsmiləri üçün kursların hazırlığı və keçirilməsi haqqında məsələ müzakirə edilmişdir.

MSK sədri bildirmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin sözügedən Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmiş, seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkar hazırlığının artırılması məqsədilə, onlar üçün kurslar təşkil edilmişdir.

Hazırda Mərkəzi Seçki Komissiyası həmin Sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq aşağı seçki komissiyalarının rəsmiləri üçün yeni kursların təşkil edilməsi işini başa çatdırmışdır. Belə ki, dairə seçki komissiyasının sədrləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə kursların keçirilməsi məqsədəuyğun hesab edilmiş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi üçün fəaliyyət proqramı hazırlanmış, aşağı seçki komissiyalarının digər rəsmiləri üçün isə regional kursların təşkil edilməsinin vacibliyi qənaətinə gəlinmişdir.

Komissiya sədrinin müavini Svetlana Qasımova qeyd etmişdir ki, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq 36 saat Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuşdur.

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2009-cu il sentyabrın 7-dən başlayaraq dairə seçki komissiyalarının sədrləri üçün, 2009-cu il sentyabrın 21-dən isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

Sonra Komissiyanın katibi Natiq Məmmədov bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı hazırlanmış normativ xarakterli aktlara dair məsələ barədə məlumat vermişdir.

O, bələdiyyə seçkilərilə bağlı 6 topluda cəmlənmiş 19 normativ aktın layihəsinin hazırlandığını qeyd edərək iclas iştirakçılarını həmin sənədlərin layihələri ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası müzakirəyə çıxarılmış normativ aktların təsdiq edilməsi barədə qərar çıxarmışdır.

MSK 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.