2024-cü il iyulun 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə MSK-nın 29 iyun və 2 iyul 2024-cü il tarixli iclas protokolları təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.
MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi