Mərkəzi Seçki Komissiyasının sədri Macarıstanda seçkiləri müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Macarıstana səfərə yola düşüb.
Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi iyunun 9-da bu ölkədə keçiriləcək Avropa Parlamenti, bələdiyyə və milli azlıqların seçkilərini müşahidə etməkdir.
Səfər proqramına uyğun olaraq, M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə yanaşı, seçkilərin müşahidəsinə qatılan xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, əməkdaşlıq əlaqələrinin və seçki idarəçiliyinə dair təcrübə mübadiləsinin genişləndirilməsinin inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması da nəzərdə tutulur.
MSK sədri seçkilərdən bir gün öncə paytaxt Budapeştdə seçkiqabağı proses və hazırlıqlarla tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.
Macarıstana səfər zamanı MSK sədrini Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli müşayiət edir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi