Sentyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

10 sentyabr 2005 16:48

Sentyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. 

Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikasının Milli Məclis deputatlığına qeydə alınmış namizədlərin öhdəlik ərizəsi nümunəsinin layihəsi barədə məlumat vermişdir. Komissiya həmin öhdəlik ərizəsinin nümunəsini təsdiq etmişdir.

Sonra 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının seçki məntəqələrinin yaradılması barədə təklifi müzakirəyə çıxarılmışdır. MSK 122 saylı Xankəndi seçki dairəsində 9 məntəqənin yaradılması haqqında qərar qəbul etmişdir.



İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirə olunmuşdur. Müraciətlərdən biri araşdırılmaq üçün Masallı rayon Prokurorluğuna göndərilmişdir. Digər müracirələr barədə müvafiq qərarlar çıxarılmışdır. 

MSK bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.

Sonra ödənişsiz efir vaxtının bölgüsü ilə əlaqədar püşkatmanın keçirilməsinə dair məsələ barədə Komissiyanın üzvü Azər Tağıyev məlumat vermişdir. Püşkatmanın keçirilməsi üçün 3 nəfər MSK üzvündən ibarət Komissiya yaradılmışdır. Püşkatma Komissiyasına Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov, Azər Tağıyev və Yusif Bağırzadə daxil edilmişlər. Sonra bir mandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar blokları, yəni Yeni Azərbaycan Partiyası, Azərbaycan Liberal Partiyası, "Azadlıq” siyasi partiyalar bloku və "Yeni Siyasət” siyasi partiyalar bloku arasında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin televiziya və radio efirində, İctimai Televiziya və Radio Yayımları Şirkətinin televiziya efirində ödənişsiz vaxtın bölgüsü ilə əlaqədar püşkatma keçirilmişdir. Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrini təsdiq etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.