2024-ci il mayın 2-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

02 may 2024 17:37

2024-ci il mayın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 7 mart 2024-cü il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyinə görə ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeyd olunanları nəzərə alaraq, qanunvericiliyə uyğun qaydada Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktına dair məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra "Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də müvafiq dəyişiklik edilməsinə qərar verilib.

Beynəlxalq təşkilat təmsilçisi və media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi