Martın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Komissiyanın katibi Natiq Məmmədov 18 mart 2009-cu ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, martın 18-də keçirilmiş referendumla əlaqədar "Respublikaçılar” və "Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciətinin araşdırılması qanunvericiliyin tələbinə uyğun olaraq Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir. Araşdırma nəticəsində müvafiq rəy verilərək müraciətə Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmış, müraciətə əlavə edilən 35 seçki (referendum) dairəsinin ərazisini əhatə edən 161 seçki (referendum) məntəqələrində baş verməsi ehtimal edilən bu və ya digər qanun pozuntularına dair 180 aktın 135-nin saxtalaşdırma və s. bu kimi ciddi qüsurlarla tərtib edildiyi və hüquq pozuntusu halını özündə əks etdirmədiyi müəyyən olunmuşdur.
Təqdim edilmiş aktlardan 77 ədədinin bir qisminin tərtib edilmə tarixi keçirilən referendumun tarixinə uyğun gəlməmişdir. Belə ki, bunlardan kifayət qədərinin 13 may 2006-cı il tarixdə keçirilmiş əlavə parlament seçkilərinə aid olması müəyyən edilmişdir.
Digər aktların tarixlərində saxtalaşdırma yolu ilə referendumun tarixinə uyğunlaşdırmağa cəhdlər göstərilmiş, nəticədə onların 18 may 2009-cu il tarixinə düzəldilərək guya ki, seçki hüququnun pozulmasını ehtiva edən aktlar şəklinə salınmasına baxmayaraq, yenə də 18 mart 2009-cu il tarixdə keçirilən referenduma ümumiyyətlə aidiyyatının olmaması heç bir şübhə doğurmamışdır.
Eyni zamanda müəyyən olunmuşdur ki, digər 103 ədəd aktdan 33-ü ümumiyyətlə müvafiq seçki (referendum) məntəqələrində müşahidə aparmamış şəxslərin adından saxta tərtib edilmişdir.
Adından akt tərtib edilmiş həmin şəxslərin səsvermə günü müvafiq seçki (referendum) məntəqələrində ümumiyyətlə olmaması həmin gün məntəqədə olmuş digər şəxslərin izahatları ilə təsdiq olunmuş, habelə seçki (referendum) məntəqələrində olan müşahidəçilərin qeydiyyat jurnalında müşahidəçi qismində qeydiyyatdan keçmələri müəyyən olunmamışdır. Bu aktlar araşdırılarkən diqqət cəlb edən hallardan biri də bu olmuşdur ki, adlarından qanun pozuntusuna dair akt tərtib edilmiş bir sıra müşahidəçilər digər aktlarla müvafiq seçki (referendum) məntəqələrində referendum prosesinin qüsursuz keçməsini təsdiq etmişlər.
Daha 25 akt isə göstərilən seçki (referendum) məntəqələrində müşahidə aparmayan şəxslərin adları əlavə olunmaqla tərtib edildiyindən və imzalandığından həqiqiliyi əsaslı şübhələr doğurmuşdur. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, seçki hüququnun pozulmasına dair aktları imzalamış şəxslərin bir qismi müvafiq seçki (referendum) məntəqələrində müşahidə aparmamış, bir qisminin isə ümumiyyətlə müşahidəçi statusu olmamışdır.
Bu hal seçki (referendum) məntəqələrində olmuş digər şəxslərin izahatları ilə təsdiq edilməklə yanaşı həm də ümumiyyətlə adlarının seçki (referendum) məntəqələrində olan müşahidəçilərin qeydiyyat jurnalında olmaması ilə öz təsdiqini tapmışdır.
Yuxarıda qeyd edilənləri əsas götürərən Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, "Respublikaçılar” və "Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin müraciəti əsassız olduğundan təmin edilməsin və
göstərilən aktların bir qisminin həqiqiliyi şübhə doğurduğundan və saxta olması ehtimal edildiyindən araşdırılma üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.