Məzahir Pənahov Türkiyə Yüksək Seçim Kurulunun sədri ilə görüşüb

07 fevral 2024 12:24

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

MSK-nın sədri əvvəlcə Türkiyənin son prezident seçkilərində dünyaya demokratiya dərsi verdiyini və qardaş ölkədə keçirilən seçkilərin Azərbaycanda həmişə diqqətdə izlənildiyini bildirib.

Sonra Məzahir Pənahov qonaqlara seçki prosesi barədə məlumat verib. O, ölkəmizdə medianın müstəqil olduğunu və seçki prosesini izləmək üçün onlara lazımi şəraitin yaradıldığını deyib.

MSK-nın sədri seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini, onlardan 790-nın beynəlxalq müşahidəçi olduğunu, 3 təşkilatın isə “exit-poll” aparmaq üçün qeydiyyata alındığını diqqətə çatdırıb.

Türkiyə Yüksek Seçim Kurulunun sədri Ahmet Yener səhər saatlarından etibarən məntəqələrdə yüksək seçici fəallığının müşahidə edildiyini bildirib. O, seçkiyə bu dərəcədə marağın olmasını çox sevindirici hal kimi qiymətləndirib.

A. Yener məntəqə seçki komissiyalarının üzvlərinin yaxşı fəaliyyət göstərdiklərini, hər kəsin öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini vurğulayıb.

O diqqətə çatdırıb ki, seçki prosesi şəffaf şəkildə həyata keçirilir. Məntəqələrdə seçici fəallığı çox yüksəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC