Məzahir Pənahov Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti ilə görüşüb

06 fevral 2024 20:15

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

MSK-nın sədri Məzahir Pənahov seçkilərin Azərbaycan üçün ikiqat əlamətdar olduğunu bildirib. MSK sədri TDT-nin üzvü olan Azərbaycan xalqının öz soykökünə, tarixinə, torpağına bağlı olduğunu qeyd edərək, budəfəki seçkilərin işğaldan azad edilmiş Xankəndi, Laçın, Şuşa və digər ərazilərdə də keçirilməsinin xalqımız və dövlətimiz üçün önəmini xüsusi vurğulayıb. O, həmin ərazilərdəki seçki məntəqələrində səsvermə prosesi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Nümayəndə heyətinə seçkilərlə bağlı ətraflı məlumat verən MSK sədri yerli və beynəlxalq müşahidəçilərin sayı, yerli və xarici medianın müşahidə aparması üçün yaradılan imkandan danışıb. Bildirib ki, yerli medianın seçkilərin işıqlandırılması üçün akkreditasiyadan keçməsinə ehtiyac yoxdur, amma beynəlxalq media subyektləri artıq qeydiyyatdan keçiblər. Prezident seçkilərində “exit-poll” keçirmək üçün üç təşkilat qeydə alınıb, onlardan biri də ABŞ-ın “Oracle Advisory Group” təşkilatıdır.

Səsvermə prosesini müşahidə etmək üçün Azərbaycana dəvət olunduqlarını görə nümayəndə heyəti adından təşəkkürünü bildirən Kubanıçbek Ömüralıyev seçkilərin ölkəmizin bütün ərazisində keçirilməsinin qürurverici olduğunu vurğulayıb. O, əminliklə bildirib ki, qardaş Azərbaycan xalqı sabah öz siyasi iradəsi ilə ən yaxşı namizədə səs verəcək.

Nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə çalışan peşəkarların yer aldığını diqqətə çatdıran Kubanıçbek Ömüralıyev deyib: “İnanırıq və əminik ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçiriləcək”.

Gərgin və məsuliyyətli işində MSK rəhbərliyinə uğurlar arzulayan TDT-nin Baş katibi seçkilərin Azərbaycan xalqı və dövlətinin inkişafı üçün uğur gətirəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC