MSK sədri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 fevral 2024 19:49

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqlara 7 namizədin mübarizə apardığı seçki prosesi barədə məlumat verən M.Pənahov ölkədə medianın müstəqil olduğunu və prosesi izləmək üçün mətbuat nümayəndələrinə lazımi şəraitin yaradıldığını bildirib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və orada seçicilərin öz səslərini sərbəst şəkildə verə bilmələri üçün əlverişli şəraitin yaradıldığı diqqətə çatdırılıb. Səsvermə prosesinin saat 8.00-da başlayacağı, saat 19.00-da başa çatacağı qeyd olunub.

M.Pənahov səsvermə prosesini izləmək üçün 90 min müşahidəçinin qeydiyyatdan keçdiyini, onlardan 790 nəfərin beynəlxalq müşahidəçi olduğunu, üç təşkilatın isə “exit-poll” aparmaq üçün qeydiyyatdan keçdiyini bildirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev seçkilərin şəffaf, qanunvericiliyin tələblərinə uyğun qaydada keçiriləcəyinə əminliyini ifadə edib. O, eyni zamanda, səsvermə prosesini izləmək üçün müşahidəçilərə lazımı şəraitin yaradıldığını da vurğulayıb. A.Hacıyev təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu da diqqətə çatdırıb.

AZƏRTAC