MSK sədri Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 fevral 2024 14:38

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məzahir Pənahov seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçirildiyini bildirib. O, vaxtilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox azərbaycanlının öz dədə-baba yurdundan qovulduğunu, 2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etdiyini və 2023-cü ildə ərazi bütövlüyünü tam təmin etdiyini qonaqların diqqətinə çatdırıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. MSK-nın sədri seçkilərdə 7 namizədin mübarizə apardığını, təbliğat-təşviqat kampaniyası dövründə onlara həftədə 3 dəfə ödənişsiz efir vaxtı verildiyini diqqətə çatdırıb.

M.Pənahov seçkiləri ümumilikdə 90 mindən çox müşahidəçinin izləyəcəyini vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min prezident seçkilərinin çox əlamətdar hadisə olduğunu və Azərbaycanda keçiriləcək seçkilərin nəticələrinin ölkənin gələcək inkişafı üçün uğurlu olacağına inandığını qeyd edib. O, Şanxay Əməkdaşlıq Təşkilatının yaxın tərəfdaşlarından olan Azərbaycanın son illərdə bütün sahələr üzrə çox böyük uğurlara imza atdığını bildirib. Qonaq seçkilərin ədalətli, şəffaf keçəcəyinə inandığını vurğulayıb.

“Nizamnaməyə uyğun olaraq bizim missiyamız ümumi prinsiplər, ölkənin daxili işlərinə qarışmamaq, çatışmazlıqların aşkar edilməsi və digər məsələlərdir. Müşahidə missiyamız başa çatdıqdan sonra fevralın 8-də nəticələri açıqlayacağıq. İnanırıq ki, Azərbaycan xalqı öz siyasi iradəsi ilə seçdiyi namizədinə səs verəcək”, - deyə ŞƏT-in rəhbəri qeyd edib.

AZƏRTAC