Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MDB-nin Baş katibi ilə görüşüb

05 fevral 2024 12:00

Məqsədimiz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır.

Bizim prinsiplərimiz dəyişməyib. Hələ ki, hər şey öz qaydasında gedir, heç bir şikayət daxil olmayıb. Tezliklə regionda sülhün, sabitliyin tam təmin olunmasını arzu edirik. Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə normallaşma mütləqdir. Bu, hamımız üçün yaxşıdır.

Bu fikirləri MDB-nin Baş katibi Sergey Lebedev Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə səsləndirib.

MDB-nin Baş katibi vurğulayıb ki, insanların rifahı və inkişafı naminə razılığa gəlinməsi, sülhün əldə edilməsi mütləqdir.

“Biz müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkar insanlardır və öz işlərini yaxşı bilirlər”, - deyə o əlavə edib.

Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB-nin Baş katibi Sergey Lebedev ilə görüş zamanı səsləndirib.

MSK-nın sədri bildirib ki, ölkəmizdəki seçkiləri müşahidə etmək üçün 790 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Baş katibə seçkilərə hazırlıq işləri barədə məlumat verən M. Pənahov diqqətə çatdırıb ki, ilk dəfə olaraq seçkilər Azərbaycanda bütün ölkə ərazisini əhatə edəcək. O diqqətə çatdırıb ki, 3 təşkilat seçkilərdə “exit-poll” keçirmək üçün müraciət edib, onlardan biri ABŞ-ın “Oracle Advisory Group” təşkilatıdır.

MSK sədri, həmçinin məlumat kitabçalarının hazırlandığını, səsvermə günü Ali Məhkəmə, Ombudsman Aparatı və digər qurumların prosesə cəlb olunduğunu vurğulayıb.

AZƏRTAC