Prezident seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətdə seminar-müşavirə keçirilib
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Ədliyyə Nazirliyi ilə birgə layihəsi çərçivəsində yanvarın 19-da Penitensiar xidmətdə seminar-müşavirə keçirilib.
Penitensiar xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, Xidmətin Baş idarəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə həmin qurumların yerləşdiyi ərazilər üzrə müvafiq dairə seçki komissiyalarının sədrləri və media nümayəndələrinin iştirak etdiyi tədbir penitensiar müəssisələrdə Prezident seçkilərinin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.
Seminar-müşavirəni açan ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Azərbaycanın seçki qanunvericiliyinin vətəndaşlarımızın konstitusion hüquqlarının azad şəkildə reallaşdırılmasına tam təminat verdiyini vurğulayıb. Nazir müavini Xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi üçün atılan addımlardan danışıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması istiqamətində işlərin uğurla həyata keçirildiyini bildirib. Xidmət rəisi qeyd edib ki, ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, cəzaçəkmə müəssisələrində də seçicilərin sərbəst seçimini təmin edəcək əlverişli seçki mühiti yaradılıb.
Sonra tədbirdə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova çıxış edərək, ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin seçki hüququ ilə bağlı müvafiq müddəalarından bəhs edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan seçicilərin qanunvericiliklə müəyyənləşdirilmiş səsvermə hüquqlarından danışıb. Həmçinin bildirib ki, Prezident seçkiləri ilə əlaqədar bütün proseslər seçki qanunvericiliyinin tələbləri və Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında müvəffəqiyyətlə davam edir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli öz çıxışında qarşıdan gələn Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə məlumat verib. R.Yusifbəyli seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurları aydın və ətraflı izah edib.
Seminar-müşavirənin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.