Növbədənkənar prezident seçkilərinə hazırlıq çərçivəsində Gəncədə regional seminar keçirilib
Fevralın 7-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən regional seminar təşkil olunub.
Dekabrın 27-də keçirilən seminarda Gəncəbasar üzrə dairə seçki komissiyalarının Ekspert qruplarının üzvləri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov çıxışında bildirib ki, yeni forma və məzmunda ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçkilərində keçirilən bugünkü tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılmasına, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucovun, institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, vəkil Vüsalə Muradxanlının və institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Hamlet Babayevin seçkilərlə bağlı Ekspert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sinaq testlərin həlli və digər məsələlər ətrafında maraqlı və faydalı çıxışları dinlənilib.
Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib.
Sonda iştirakçılara ilk dəfə olaraq ekspert qrupunun üzvləri üçün hazırlanan, onlara yardımçı olacaq yeni yaddaş kitabçası paylanılıb.
AZƏRTAC