Fevralın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə "Qarabağ və Respublika Uğrunda Hərəkat” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması məsələsi barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşəbbüs qrupunun eyni adlı təşviqat qrupu kimi qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası "Respublikaçılar” təşəbbüs qrupunun da təşviqat qrupu kimi qeydə alınması haqda qərar çıxarmışdır.
Referendum üzrə "Azərbaycan Xalq Cumhuriyyəti- AXC” və "Milli İstiqlal” təşəbbüs qruplarının təşviqat qrupu kimi qeydə alınmasına dair məsələyə baxılmış və həmin təşəbbüs qruplarının qeydə alınmasından imtina edilmişdir.
İmtinaya əsas kimi təqdim olunan imza vərəqələrindəki etibarlı imzaların sayının qanunda nəzərdə tutulduğundan az olması göstərilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.