Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
02 sentyabr 2005 16:41
Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova və Komissiyanın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair məsələ barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 7 saylı Ordubad – Culfa, 21 saylı Nəsimi birinci, 58 saylı Hacıqabul – Kürdəmir və 86 saylı İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən 9-u araşdırılması və Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
Komissiyanın katibi Natiq Məmmədov bəzi seçki dairələrinin hüdudlarının dəqiqləşdirilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarının dəqiqləşdirilməsi haqqında qərar qəbul etmişdir.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.