Mərkəzi Seçki Komissiyası 2023-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, cari il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılıb, təqribən beş ay ərzində ardıcıl və sistemli şəkildə həyata keçirilən əhatəli prosesdən sonra 2023-cü il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.
Qeyd etmək lazımdır ki, seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hər ilin əvvəlindən daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməlidir. Bununla bağlı müvafiq işlər görüldükdən sonra seçici siyahıları may ayının 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilməlidir. Builki daimi seçici siyahılarının tərtib edilib dəqiqləşdirilməsi də Seçki Məcəlləsinin yuxarıda vurğulanan tələblərinə uyğun gerçəkləşdirilib.
Siyahıların tərtib edilib dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib. Bu müddət ərzində MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki onlayn müraciət imkanı daim seçicilərin ixtiyarında olub, rəqəmsal platformalarda seçiciləri siyahılarda adlarını yoxlamağa dəvət edən posterlər yerləşdirilib və bütün bunlar görülən işlərin səmərəliliyinin daha da artırılmasında önəmli rol oynayıb. Həmişə olduğu kimi, bu il də siyahıların tərtib edilərək dəqiqləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən və texniki imkanları daha da təkmilləşdirilən xüsusi proqram təminatlarından geniş istifadə edilməsi prosesin bütünlüklə effektiv aparılmasına və seçici siyahılarının yüksək standartlara uyğun tərtib və çap olunmasına əhəmiyyətli töhfələr verib.
2023-cü il mayın 26-da MSK üzvləri media təmsilçilərinin də iştirakıilə Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirilib və siyahıların saxlanma şəraiti ilə tanışlıq olub. Məlumat verilib ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan geniş istifadə edilib. "Seçkilər” informasiya şəbəkəsi üzərindən həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı görülən işləri daha da sürətləndirib, seçici siyahılarına daxil edilən seçicilərin məlumatlarının orfoqrafik təftişi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilərək müvafiq addımların atılması, nöqsanların aradan qaldırılması, o cümlədən seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap olunmasını təmin edib.
Seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanışlıqdan sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Aparılan geniş müzakirələr zamanı Komissiya üzvləri bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da faydalanmaqla siyahıların dəqiqləşdirilməsi prosesinin və görülən işlərin daha da təkmilləşdirildiyini, səmərəliliyin yüksəldiyini xüsusi qeyd ediblər.
İclasda cari ilin əvvəllərindən may ayının sonunadək reallaşdırılan irimiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib. Sədr M.Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.
Komissiyanın iclasında 2023-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiq olunması işinin müvafiq dairə seçki komissiyalarına həvalə edilməsinə, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.
Məlumat üçün qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6334178 seçici daxil edilib ki, onların da 47,44 faizi kişi, 52,56 faizi isə qadınlardır.
İclasda, həmçinin MSK-nın 12 aprel 2023-cü ildə keçirilmiş iclasının protokolu təsdiq olunub və bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi