Fevral 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Fevral 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 22 yanvar, 24 yanvar, 27 yanvar və 29 yanvar 2009-cu il tarixli iclaslarının protokolları təsdiq edilmişdir. Sonra MSK katibi Natiq Məmmədov referendum üzrə "Davamlı inkişaf naminə” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılıb və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilib.
Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Bundan əlavə, "Zəka” təşəbbüs qrupunun da təşviqat qrupu kimi qeydə alınması barədə qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ , Böyük Britaniya və Fransa səfirliklərinin, Milli Demokratiya İntitutunun, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.