2022-ci il avqustun 4-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

04 avqust 2022 18:53

Məzahir Pənahovun sədrliyi ilə 2022-ci il avqustun 4-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Əvvəlcə Komissiyanın 26 iyul 2022-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub. Sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair məsələyə baxılıb. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.


Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin yenidən formalaşdırılması da iclasda müzakirə olunub. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının üzvlərindən, eləcə də Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Hesablama Palatasının mütəxəssislərindən ibarət tərkibdə təsdiq edilib və Komissiyanın üzvü xidmətin rəhbəri təyin olunub.

İclasda, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi ilə bağlı məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra Katibliyin Əsasnaməsində müvafiq dəyişikliklər edilməsi qərar alınıb. Qəbul edilən qərara əsasən Katibliyin Ümumi şöbəsinin tərkibində yeni "İnsan resursları” sektoru yaradılıb, "Media və ictimai əlaqələr” şöbəsinin adı dəyişdirilərək "Media və kommunikasiya” şöbəsi olub. O cümlədən Katibliyin strukturunda "Siyasi partiya və ictimai təsisatlarla iş” şöbəsinin fəaliyyətə başlaması, "Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş” və "Siyasi partiyaların maliyyə hesabatları üzrə iş” sektorlarının sözügedən şöbənin tərkibinə daxil olunması nəzərdə tutulub.


Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişliklər də edib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi