Fevralın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası

06 fevral 2009 16:38
Fevralın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ barədə məlumat vermişdir.

Cari ilin seçici siyahılarının dəqiqləşdirilməsi işi başa çatmış hesab edilmiş və siyahıların məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınmışdır. Eyni zamanda, MSK qərara almışdır ki, seçicilər siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.

Sonra Mərkəzi Seçki Komissiyası səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edərək qərara almışdır ki, 2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar cari ilin martın 6-na olan məlumata görə, respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4.949.018 ədəd səsvermə bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.


MSK 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.