Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub
Məzahir
Pənahovun sədrliyi ilə fevralın 25-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası
keçirilib.
İclasda
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK tərəfindən
seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin
yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə
təqdim edilməsi məsələsinə baxılıb.
Qeyd olunub
ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilər azad və ədalətli şəkildə
keçirilərək ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisəyə
çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və
aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş
vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin
mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki
subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və
qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının
yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin
sərbəst fəaliyyəti üçün tam sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər
addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.
Milli
Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa
19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz
təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan
323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və
yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bütün namizədlərə
seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Namizədlik
iddiasında olanlar hətta seçkilər təyin olunduğu gündən başlayaraq bütün seçki
kampaniyası ərzində sosial şəbəkələr və onlayn media vasitəsilə heç bir maneə
olmadan sərbəst və geniş təşviqat aparıblar. Bundan başqa Seçki Məcəlləsinin
tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı
olmaqla, ümumilikdə 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və
deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin
yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı
toplantılarını keçiriblər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki
məntəqələrini əhatə etməklə, çoxlu sayda böyük ölçülü lövhələr quraşdırılıb.
Seçkiqabağı təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 40 kütləvi
informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya
təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın
internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin
bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb.
Seçkilərlə
bağlı daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli
təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ
şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də
iştirakı ilə müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Daxil olan
müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın
qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran
kənd və 80 saylı İmişli – Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər
etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər
tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların
araşdırılmasının nəticəsi olaraq, ümumilikdə 328 seçki məntəqəsi üzrə
səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin
hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində
yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki
komissiyalarının buraxılmasına qərar verib.
Qeyd etmək
lazımdır ki, məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə,
vəkil edilmiş şəxs və s. müxtəlif statusla ümumilikdə 90000-ə yaxın seçki
subyekti səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək
hüququna malik olub.
Milli
Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən
883 beynəlxalq müşahidəçi qatılıb. Habelə, nüfuzlu 132 beynəlxalq kütləvi
informasiya vasitəsindən olan 199 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən
müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyiblər. Bütün bunlarla yanaşı, 4
təşkilat tərəfindən seçkilərdə "exit-poll” keçirilib ki, onlardan da 2-si öz
fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər.
Respublikada
fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç
bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən
axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər.
Seçkilərin
müşahidəsində, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti
institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda öz
təşəbbüsləri ilə seçkilərə qatılmış 77790 yerli müşahidəçi də iştirak edib.
Bütövlükdə
seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və
beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə
öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar
yaradılıb.
Milli
Məclisə seçkilərdə aşkarlığın təmin olunması üçün qeyd edilənlərlə yanaşı,
işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə
edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı
izləmə imkanı verən veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər
ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil
olaraq, hər kəs üçün açıq platformada və heç bir qeydiyyat tələb olunmadan,
real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün
prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Seçki günü
dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 230000-ə yaxın
baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 80%-i ölkə
daxilindən, 20%-i isə ölkə xaricindən həyata keçirilib.
Səsvermə
günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin
hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin
nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan bir neçə saat sonra ölkə
üzrə 5573 seçki məntəqəsinin 4823-dən (təqribən 87 faizindən) daxil olmuş
məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider
namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Ardınca isə
qısa müddətdə ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları
operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib. Səsvermənin nəticələrinə dair
yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə
seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya
çatdırılıb.
Milli
Məclisəseçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz
iradələrini ifadə edib və ümumilikdə,ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak
edib.
İclasda
Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər
başa çatmış hesab edilib, seçkilərin
ümumi yekunlarına dair MSK-nın
yekun protokolu tərtib olunubvə Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki
Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına
dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının
təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim
olunması qərara alınıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi