2020-ci il fevralın 15-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16 fevral 2020 10:42

Məzahir Pənahovun sədrliyi ilə fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub. Komissiya seçkilərlə əlaqədar müxtəlif mənbələr üzrə başlatdığı geniş, hərtərəfli və şəffaf araşdırma prosesi istiqamətindəki qəti mövqeyini və qərarlılığını bir daha bildirərək, ictimaiyyət nümayəndələrini və kütləvi informasiya vasitələrini bu işdə yaxın əməkdaşlığa səsləyib.

Seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi