Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
Qarşıdan gələn 9
fevral Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki
bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.
Mərkəzi Seçki
Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə
dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli
Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və
xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və
seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa
izləmələri üçün hərtərəfli şərait yaradılıb.
Seçki
bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar
bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə
respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki
bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə
bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt
əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət
Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində
hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra
onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması
prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.
Milli Məclisin
Mətbəəsində baş tutan tədbirdə seçki
bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı
qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə də ətraflı
məlumat verilib, şəffaflığın təmin edilməsi üçün bütün mərhələlər media
təmsilçiləri tərəfindən geniş işıqlandırılıb və jurnalistləri maraqlandıran
suallar cavablandırılıb.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni,
forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə
tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonar
yanvarın 27-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və
Komissiyanın qərarı ilə 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı
yüz) ədəd seçki bülleteni çap olunub.
Bülletenlər Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün
qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına
veriləcək.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi