2020-ci il yanvarın 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

08 yanvar 2020 22:24

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar maraqlı subyektlərin də iştirakı ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Milli Məclisə seçkilərə dair müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyalarının qərarları ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən daha iki nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verilib.

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərin müzakirəsi zamanı da vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi