2020-ci il yanvarın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə yanvarın 5-də Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 28 dekabr 2019-cu ildə
keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar maraqlı
subyektlərin də iştirakı ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Milli
Məclisə seçkilərə dair müraciətlərin müzakirəsindən sonra Komissiya namizədin
qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək,
namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə
namizədliyinin qeydə alınmasına qərar verib.
Ötən
il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil
olmuş müraciətlərin müzakirəsi zamanı da vətəndaşların seçki hüquqlarının daha
səmərəli və effektiv təmin olunması üçün geniş, hərtərəfli və obyektiv
araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya
üzvlərinin müzakirəsindən sonra 30 saylı Suraxanı birinci seçki dairəsinin 24
və 31 saylı Surxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələri etibarsız hesab olunub, eləcə də sözügedən seçki
məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.
Kütləvi
informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin
seçkilərlə bağlı cari məsələlərə baxılıb.
Mərkəzi Seçki
Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi