2019-cu il dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 23 dekabr 2019-cu il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Məlumat üçün qeyd etmək lazımdır ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Müzakirələrdən sonra Komissiya səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5375967 (beş milyon üç yüz yetmiş beş min doqquz yüz altmış yeddi) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verib.
İclasda, həmçinin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi iclasda 23 dekabr bələdiyyə seçkiləri və qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi