Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb
Azərbaycan Respublikasında bələdiyyə seçkilərini
müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki
Komissiyasının sədri Tamar Jvaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın
22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Gürcüstanlı həmkarı Tamar Jvaniyanı və rəhbərlik
etdiyi nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov əlaqələri
genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx
əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr eyni zamanda vurğulayıb ki,
qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının
və seçki sisteminin inkişafında mühüm rol oynayır.
Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi
qəbula görə təşəkkürünü bildirən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri T.Jvaniya
ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. Bələdiyyə
seçkilərinə hazırlıqlardan danışan MSK sədri M.Pənahov bildirib ki, dekabrın 23-də
Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz
iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf
etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı
fikir mübadiləsi də aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi