Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində müxtəlif istiqamətli layihələri davam etdirir.
Dekabrın 10-dan etibarən növbəti mühüm layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara start verilib. Tədbir dairə seçki komissiyalarının İT mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və onun yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırmaq, sistemin proqram təminatlarından praktiki istifadə etmək, həmçinin İT mütəxəssislərini maraqlandıran məsələlərə əyani şəkildə aydınlıq gətirmək məqsədi daşıyır.
Seminarlar zamanı dairə seçki komissiyalarının İT mütəxəssislərinə bələdiyyə seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa MSK-ya ötürülməsi üçün hazırlanan xüsusi proqram modullarından test rejimində istifadə etməyə imkan yaradılacaq ki, bu da onların praktiki biliklərini, peşəkar vərdişlərini və iş təcrübələrini daha da artıraraq, səsvermə günü sistemdən dəqiq və rahat istifadəni təmin edəcək.
Bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar dekabrın 11-i başa çatacaq.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi