Mərkəzi Seçki Komissiyası "Seçki günü üçün yaddaş" kitabçası hazırlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə
əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində
"Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.
Layihə
məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının
artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Nəşrdə
MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti
yer alıb. Sədr müraciətində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer
tutan bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsində
məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladır,
seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsində onlara uğurlar
arzulayır.
Kitabçada
seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin
açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin
hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl
izah olunub.
Yaddaş kitabçası Seçki Məcəlləsinin
müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və
qaydalar əsasında hazırlanıb.
"Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə
etmək mümkündür.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi