Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib

13 noyabr 2019 17:39

Qarışdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına çərçivəsində seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda növbəti seminar-müşavirə noyabrın 13-də Gəncədə keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması və bu istiqamətdə atılan addımların səmərəliliyinin daha da yüksəldilməsidir.

Seminar-müşavirədə MSK katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi Rahib Nəbizadə, MSK üzvü Fuad Cavadov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov açılış nitqləri ilə çıxış ediblər.

Sonra MSK, Ali Məhkəmə və Gəncə Apellyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib və məruzələr dinlənilib.

Region üzrə 26 seçki dairəsi - 37 saylı Nizami I (Gəncə), 38 saylı Nizami II (Gəncə), 39 saylı Kəpəz I (Gəncə), 40 saylı Kəpəz II (Gəncə), 48 saylı Yevlax, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 91 saylı Ucar, 92 saylı Zərdab-Ucar, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 101 saylı Göygöl-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 108 saylı Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının sədrlərinin qatıldığı tədbirin yekununda seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, seçki mübahisələrinin həllinə həsr olunan layihə çərçivəsində növbəti seminar-müşavirələr noyabrın 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək.



AZƏRTAC