Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda tədbirlərə başlanılıb

12 noyabr 2019 20:02

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif istiqamətli irimiqyaslı layihələr ardıcıl və intensiv şəkildə davam etməkdədir.

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda beşgünlük regional seminar-müşavirələrə start verilib.

Layihə çərçivəsində noyabrın 12-də Bakı şəhərində Bulvar hoteldə keçirilən ilk tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açılış nitqi ilə başlayıb. Sonra seminar-müşavirədə Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edib.

Qeyd etmək lazımdır ki, müvafiq məhkəmə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirə seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.

Tədbirin gündəliyinə uyğun olaraq, açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib, seçki mübahisələrinin həllinə dair çıxışlar dinlənilib.

Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiyanın aidiyyəti struktur bölmələrinin əməkdaşları və region üzrə dairə seçki komissiyaları sədrlərinin qatıldığı tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, bu il ölkəmizdə bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün çoxsaylı genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi gerçəkləşdirilən və seçki mübahisələrinin həllində həsr olunan seminar-müşavirələrin noyabrın 13-də Gəncədə, 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında da keçirilməklə bütün seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulur.



Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və ictimai əlaqələr şöbəsi