2019-cu il noyabrın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 7-də Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə
Komissiya 5 noyabr 2019-cu il
tarixli iclas protokolunun təsdiq olunmasına qərar verilib.
Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş
bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair
yekun protokollarının hazırlanma qaydası və sayı təsdiq edilib.
İclasdabələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması,
sayı və hazırlanma qaydası ilə bağlı məsələyə də baxılıb və Komissiya
üzvlərinin müzakirəsindən sonra 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən
yeddi) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
MSK-nın iclasında, həmçinin bələdiyyə seçkilərində
Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə
baxılıb və sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi