2019-cu il noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 31 oktyabr 2019-cu ildə
keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri
və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni,
forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Qeyd edək ki,
bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı,
səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti
təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə
əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı
barədə seçicilərin məlumatlandırılmasına dair 5020287 (beş milyon iyirmi min iki
yüz səksən yeddi) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.
Komissiyanın iclasında bələdiyyə
seçkiləri ilə əlaqədar Azərbaycan Sosial Demokrat Partiyası və Vətəndaş
Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə
də baxılıb və həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub
və cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi