Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bildirir ki, Konstitusiyaya əlavələr

28 yanvar 2009 16:30
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bildirir ki, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı 18 mart 2009-cu ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) hazırlıq prosesi təsdiq edilmiş Təqvim planı əsasında həyata keçirilir. Hazırda 14 təşəbbüs qrupu referendum üzrə təşviqat qrupu kimi qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edərək imza vərəqələri götürmüş və artıq onlardan ikisi – "Yeni Azərbaycan” və "Şəhər” təşviqat qrupları qeydə alınmışlar. İmza vərəqələrini və digər zəruri sənədləri Komissiyaya təqdim etmiş daha 5 təşəbbüs qrupunun sənədləri isə Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən mütəxəssislərdən ibarət İşçi qrupu tərəfindən diqqətlə yoxlanılır. Dairə seçki komissiyalarına müraciət etmiş 100 minə yaxın təşəbbüsçünü əhatə edən 121 təşəbbüs qrupundan isə 92-si referendum üzrə təşviqat qrupu kimi artıq qeydə alınmışdır. Mərkəzi Seçki Komissiyasına ünvanlanmış çoxsaylı müraciətlərdən aydın olur ki, imzatoplama kampaniyası ölkə vətəndaşlarının diqqət mərkəzindədir. Hazırda təşəbbüs qrupları tərəfindən imzatoplama kampaniyası davam etdirilir və ümumilikdə bu kampaniya qanunun tələblərinə uyğun şəkildə aparılır.
Bu günə kimi Mərkəzi Seçki Komissiyasına respublika Ağsaqqallar Şurasının, Veteranlar Şurasının, Qarabağ müharibəsi veteranları təşkilatlarının müxtəlif rayon şöbələri, şəhid ailələri, ziyalı qrupları, mədəniyyət işçiləri və digər birliklər, həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən 600-dən çox teleqram daxil olmuşdur. Komissiyaya müraciət edənlər Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qarşıdan gələn ümumxalq səsverməsinin keçirilməsini dəstəklədiklərini nümayiş etdirir, bu prosesdə fəal iştirak edəcəklərini, referendum əleyhinə çağırışları pislədiklərini bildirirlər.
Yevlax, Goranboy, İmişli, Qobustan, Qax, Mingəçevir, Oğuz, Ağstafa, Neftçala və digər rayonlardan "Respublikaçılar” və "Qarabağ və Respublika Uğrunda Hərəkat” təşəbbüs qruplarının onlarla imza toplayan nümayəndələri Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək bildirmişlər ki, imzatoplama kampaniyasında hər hansı bir maneə ilə rastlaşmamalarına baxmayaraq, bir neçə gün çalışsalar da, səyləri boşa çıxmış, seçicilər və hətta yaxın münasibətdə olduqları şəxslər onlara imza verməkdən imtina etmiş və yekunda bu prosesin davam etdirilməsinin perspektivsiz olduğu qənaətinə gələrək onlar imza vərəqələrini geri qaytarmışlar.
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Mərkəzi Seçki Komissiyasının İctimai İnformasiya Mərkəzinə, "qaynar xətt”inə, elektron ünvanına daxil olan çoxsaylı müraciətlərdə, həmçinin Ağdaş, Cəlilabad, Lerik, Zərdab, Salyan və digər rayonlardan 400-ə qədər seçicidən daxil olmuş müraciətdə yuxarıda qeyd edilən təşəbbüs qruplarının bəzi imza toplayan şəxsləri tərəfindən seçicilərin aldadılması, qeyri-qanuni yollarla ələ alınması bildirilir. Aldadıldıqlarını sonradan başa düşən seçicilər Mərkəzi Seçki Komissiyasına yazılı müraciətlərində imzalarının etibarsız hesab olunmasını tələb edirlər.
Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyasının sədri imzatoplama kampaniyasında diqqətli olmalarının vacibliyi barədə Azərbaycan ictimaiyyətinə müraciət etmiş və bu müraciət razılıqla qarşılanaraq müsbət əks-səda doğurmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bir daha referendum üzrə təşəbbüs qruplarına və seçicilərə müraciət edərək onları imza toplayarkən, yaxud imza verərkən seçki qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırır, bildirir ki, seçicilərin qeyri-qanuni yollarla ələ alınması hüquqi nəticələr doğurur və belə faktlar qanuni təsdiqini taparsa, bu, toplanmış imzaların etibarsız sayılmasına və təşəbbüs qrupunun qeydə alınmasından imtinaya əsas ola bilər.