MSK-nın Şəkidə təşkil etdiyi regional seminarda seçkilərlə bağlı müraciətlərə baxılması məsələləri müzakirə olunub
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan növbəti regional seminar oktyabrın 31-də Şəki şəhərində keçirilib.
"Şəki-Palas” otelində keçirilən seminarda MSK-nın üzvləri Validə Kazımova, İlkin Şahbazov, respublikanın şimal-qərb bölgəsində və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib.
Seminarı MSK üzvü Validə Kazımova açaraq, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.
Sonra MSK-nın digər üzvü İlkin Şahbazov "Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Seminar iştirakçılarına seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul olunması müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar və digər məsələlər barədə ətraflı izahat verilib.
Seminarda MSK üzvü Validə Kazımova "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib.
Qeyd olunub ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir və vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri mövzu ilə bağlı qanunvericiliyin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC