İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
24 iyul 2005 16:30
İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Azərbaycançı Qüvvələr” siyasi partiyalar blokunun Mərəkəzi Seçki Komissiyasında qeydə alınması məsələsinə baxılmasına dair məsələ barədə məlumat vermişdir. MSK "Azərbaycançı Qüvvələr” siyasi partiyalar blokunun qeydə alınması haqqında qərar çıxarmışdır. Lakin həmin siyasi partiyalar blokunun emblemi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə cavab vermədiyinə görə təsdiq edilməmişdir. Bloka tövsiyə edilmişdir ki, emblemini Seçki Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə uyğunlaşdıraraq yenidən Mərkəzi Seçki Komissiyasının təsdiqinə təqdim etsin.
Komissiya "Demokratik Azərbaycan”, "Azərbaycan Naminə” Siyasi Partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınması haqqında da qərarlar çıxarmışdır.
MSK-nın digər katibi Vidadi Mahmudov isə "Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakına dair Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komisssiyası bu Təlimatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Komissiya "Müşahidə aparmaq üçün qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş şəxslərin müşahidəçi kimi qeydə alınması məsələsinə də baxmış və qərara almışdır ki, Seçki Məcəlləsinin 40-cı maddəsinə əsasən seçkilərdə müşahidə aparmaq üçün qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş şəxslər müşahidəçi kimi qeydə alınsınlar.
Sonra Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.