Mərkəzi Seçki Komissiyası sədrinin yeni müavini seçilib
Məzahir Pənahovun
sədrliyi ilə oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası
keçirilib.
İlk öncə MSK sədri
Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı
Azərbaycan Respublikası Milli Məclisinin 22 oktyabr 2019-cu il tarixli qərarını
Komissiya üzvlərinin diqqətinə çatdırıb.
Sonra sədr Məzahir
Pənahov Rövzət Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif
edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan Katibliyin müdiri vəzifəsinədək
yüksəlib. Fəaliyyəti boyunca aidiyyəti dövlət qurumları, yerli və beynəlxalq
təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri ilə sıx qarşılıqlı faydalı
münasibətlər formalaşdıraraq daim peşəkarlıq nümayiş etdirib. Komissiyanın
beynəlxalq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində böyük rolu olub.
Xarici ölkələrə səfərlərdə və qatıldığı bütün beynəlxalq tədbirlərdə ölkəmizi
layiqincə təmsil edib.
Komissiya üzvləri R.Qasımovun
sədr müavini vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul
edilib.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
olunub və cari məsələlər baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi