2019-cu il oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2019-cu il oktyabrın 2-də
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 13 sentyabr 2019-cu ildə keçirilən iclasının
protokolu təsdiq edilib.
Sonra Beşinci çağırış Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun deputat mandatından məhrum
edilməsi məsələsinə baxılıb. Bildirilib ki, Rafael Cəbrayılovun Milli Məclisin
nüfuzuna xələl gətirən hərəkətlərlə məşğul olması səbəbindən deputat
mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin sədrinə
ünvanladığı yazılı müraciət müvafiq olaraq baxılması üçün MSK-ya göndərilib.
Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli
Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə, aidiyyəti orqan tərəfindən
deputat mandatından məhrum olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra qanunvericiliklə
müəyyən olunmuş qaydada yaranan əsas nəzərə alınaraq, Beşinci çağırış Milli
Məclisin deputatı Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə
qərar verilib.
İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli
aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər
təsdiq olunub.
Komissiyanın qərarı ilə 37 saylı Nizami birinci
(Gəncə), 39 saylı Kəpəz birinci (Gəncə), 108 saylı Ağstafa və 122 saylı
Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər də edilib.
Beynəxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi
iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası
Katibliyinin Media və ictimai əlaqələr şöbəsi