2019-cu il aprelin 9-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2019-cu il aprelin 9-da
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 mart 2019-cu ildə keçirilən iclasının
protokolu təsdiq edilib.
Sonra Respublikaçı Alternativ (REAL) qanunvericilik
təşəbbüsü qrupu tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
edilən bir neçə qanun layihəsi ilə bağlı toplanmış 41500 seçici imzasının
yoxlanılması və nəticələri barədə məlumat verilməsinə dair Milli Məclisdən
daxil olan müraciətə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra
müraciətə əlavə olunan imza vərəqələrindəki imzaların seçki hüququna malik
vətəndaşlara məxsus olmasını və düzgünlüyünü yoxlamaq üçün Ədliyyə Nazirliyi və
Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının ekspert və mütəxəssislərindən
ibarət tərkibdə İşçi qrupunun yaradılması və MSK üzvünün İşçi qrupunun
əlaqələndiricisi təyin edilməsi qərara alınıb. Qərara əsasən ekspert və mütəxəssislərin
ayrılması üçün sözügedən orqanlara müraciət olunması və yoxlamanın nəticələri
ilə bağlı İşçi qrupu üzvlərinin rəylərinin, eləcə də onlar əsasında tərtib
edilərək əlaqələndirici şəxs tərəfindən imzalanan protokolun Milli Məclisə
göndərilməsi nəzərdə tutulur.
İclasda bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub.
Komissiyanın qərarı ilə 2 saylı Şərur, 38 saylı Nizami ikinci (Gəncə), 40
saylı Kəpəz ikinci (Gəncə), 75 saylı Lənkəran-Masallı və 98 saylı Şəmkir şəhər seçki
dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi
iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi