Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il
yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib.Siyahıların yüksək
səviyyədə dəqiqləşdirilməsi üçün bu geniş miqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının
otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə
Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx
əməkdaşlıq edilir.
Qanunvericiliyə uyğun olaraq, vahid seçicilər siyahısının tərtib edilməsi
ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki
komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçicilər
siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını fevralın 5-dək müvafiq dairə seçki
komissiyalarına təqdim ediblər.
Bundan sonra dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq
əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etməli və öz
hüdudları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını
dəqiqləşdirərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini
həyata keçirəcək. Bu prosesə ən
geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən
tərtib olunan vahid seçicilər siyahısının Mərkəzi Seçki
Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, hər hansı bir səbəbdən adlarını
seçici siyahılarında tapmayan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə zəng
vura və ya Komissiyanın internet səhifəsində olan onlayn ərizə formasını doldurmaqla müraciət edə
bilərlər.
Mərkəzi Seçki
Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi